"Biznesə daxilolma" indikatoru ilə bağlı yeni Yol Xəritəsi təsdiq edilib

"Biznesə daxilolma" indikatoru ilə bağlı yeni Yol Xəritəsi təsdiq edilib

07 Aprel 2026

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsini təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yol Xəritəsinə əsasən, bu il MMC-lərin nizamnamə kapitalı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Bundan başqa, xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqları rəsmi sənədləri leqallaşdırması üçün "Konsul leqallaşdırılması informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" normativ hüquqi akt layihəsinin hazırlanması, leqallaşdırılmış sənədlərin tərcüməsinin "Elektron notariat" informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlə proqram təminatının yaradılması gözlənilir. Həmçinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsi istiqamətində işlərin aparılması da planlaşdırılır.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə daxilolma" işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.