Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı

07 Aprel 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.

Bildirilib ki, bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: