Prezidentin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası mədəni həyatımızda yeni mərhələnin əsasını qoyur

Prezidentin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası mədəni həyatımızda yeni mərhələnin əsasını qoyur

15 Yanvar 2026

Naxçıvan MR Mədəniyyət Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli  "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Mədəniyyəti– 2040" Konsepsiyasının əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, "Azərbaycan Mədəniyyəti– 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni həyatında yeni və tarixi mərhələnin əsasını qoyan strateji sənəddir. Konsepsiya milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin müasir dövrün çağırışlarına uyğun inkişafını təmin edən aydın yol xəritəsi rolunu oynayır.

Məmməd Hüseynli bildirib ki, sənəd mədəniyyəti yalnız qorunan irs kimi deyil, eyni zamanda cəmiyyətin sosial və intellektual həyatına təsir göstərən dinamik və inkişaf edən bir sahə kimi təqdim edir. Konsepsiya incəsənət, musiqi, teatr, kino və mədəni yaradıcı sənayelər də daxil olmaqla, mədəniyyətin bütün istiqamətlərini əhatə edərək bu sahələrin inkişafına yeni impuls verir.

Müsahibədə xüsusilə gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensialının sistemli şəkildə dəstəklənməsi məsələləri ön plana çəkilib.  Baş məsləhətçi qeyd edib ki, konsepsiya mədəniyyətin yalnız paytaxt mərkəzli deyil, ölkənin bütün regionlarını əhatə edən vahid inkişaf modelinə keçidi nəzərdə tutur və bu yanaşma regionlarda mədəni mühitin canlanmasına xidmət edir.

O, qeyd edib ki, "Azərbaycan Mədəniyyəti– 2040" çərçivəsində nəzərdə tutulan dövlət proqramları Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin və zəngin mədəni irsinin ardıcıl və davamlı inkişafını təmin edəcək. Bu proqramlar regionlarda mədəni həyatın fəallaşmasına, yaradıcı gənclər üçün yeni imkanların yaranmasına və mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına şərait yaradacaq. Xüsusilə Naxçıvan Muxtar Respublikasında mədəni mühitin güclənməsi baxımından Konsepsiyanın mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Nazirlik əməkdaşı sənəddə işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına verilən xüsusi önəmi də diqqətə çatdırıb. Onun sözlərinə görə, tarixi abidələrin, mədəniyyət ocaqlarının və yaradıcılıq məkanlarının bərpası milli yaddaşın dirçəldilməsi, tarixi kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyətə malikdir.

O, sonda qeyd edib ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi ardıcıl diqqət və qayğı "Azərbaycan Mədəniyyəti–2040" Konsepsiyasında sistemli şəkildə əksini tapır. Bu strateji sənəd mədəniyyət işçiləri üçün həm stimul, həm də məsuliyyət yaradır və qarşıdakı illərdə əldə olunacaq nəticələr bu baxışın əhəmiyyətini bir daha təsdiqləyəcək.

Müsahibəni hazırladı:

Nəzrin Umay