Naxçıvanda sahibkarlar üçün güzəştlərin tətbiqi qaydası təsdiqlənib

Naxçıvanda sahibkarlar üçün güzəştlərin tətbiqi qaydası təsdiqlənib

26 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının və sənaye məhəllələrinin rezidentləri, habelə investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların, texnikanın, texnoloji avadanlıqların və qurğuların  idxalına dair ƏDV və gömrük rüsumlarından azadolmalar qüvvəyə minib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 12 yanvar 2026-cı il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların, sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların, investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib.

Bu təsdiqedici sənəd əsasında sahibkarlar idxal olunan xammal və materiallar, texnika, texnoloji avadanlıqlar və qurğular üzrə vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.

Qərarın məqsədi Naxçıvan Muxtar Respublikasında istehsal və xidmət sahələrində potensialın artırılması, investisiya mühitinin yaxşılaşdırılması və yerli sahibkarlığın inkişafına dəstək göstərilməsidir.

Sahibkarlar təsdiqedici sənədin alınması üçün müvafiq qaydada Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Qərarın tam mətni və tətbiq qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://shorturl.at/icH0i