Naxçıvanda gənclər üçün növbəti motivasiya yönümlü təlim keçilib - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq gənclər üçün motivasiya yönümlü təlim təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Nazirliyin əməkdaşı Valeh Mahmudov təlimdən öncə çıxışında Naxçıvanda gənclərin şəxsi və intellektual inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, onların mənəvi və psixoloji hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Təlim Özgüvən Psixologiya Mərkəzinin psixoloqları Aysun Cəfərli, Arzu Mustafayeva və Günay Quliyeva tərəfindən keçilib. Sessiyada ailənin gənclərin karyerasında rolu, uğura gedən yolda gənclərin qarşılaşdıqları çətinliklər və onların həlli, hədəf, motivasiya və nizam-intizam kimi mövzular müzakirə olunub. İnteraktiv formatda təşkil olunan təlimdə gənclərin sualları cavablandırılıb, real həyat nümunələri əsasında fikirlər səsləndirilib.
Təlimin əsas məqsədi gənclərdə özünəinam hissini gücləndirmək və onların gələcək karyera planlarına mənəvi dəstək vermək olub.













