Nazir müavini: Son iki ildə Naxçıvanda 19 ərazidə açıq hava idman qurğusu istifadəyə verilib

Nazir müavini: Son iki ildə Naxçıvanda 19 ərazidə açıq hava idman qurğusu istifadəyə verilib

22 Yanvar 2026

Yanvarın 22-də keçirilən Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov idman infrastrukturunun inkişafı istiqamətində görülən işlərə də toxunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ildə muxtar respublikanın bütün regionlarını əhatə etməklə 11 yerdə açıq hava idman qurğusu istifadəyə verilib. Naxçıvan şəhərində mövcud qurğular da nəzərə alınmaqla, 2024–2025-ci illər ərzində ümumilikdə 19 ərazidə bu tip idman məkanları əhalinin istifadəsinə təqdim olunub.

Nazir müavini qeyd edib ki, Dövlət Proqramının Təfsilatlı Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublika Stadionunun əsaslı təmiri və AFFA standartlarına uyğun yenidən qurulması istiqamətində layihələndirmə işlərinə başlanılıb. Bununla yanaşı, “Sağlam məhəllə” layihəsi çərçivəsində Babək, Culfa və Şahbuz rayonlarında idman zonaları yaradılır, eləcə də özəl investisiyalar hesabına yeni infrastruktur layihələrinin icrası istiqamətində işlər aparılır.