Naxçıvanda güləş hakimləri üçün seminar keçirilib - FOTO
İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləş hakimləri üçün yeni qaydaların tətbiqi ilə bağlı texniki seminar təşkil olunub. Seminar Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev və komitə üzvü Sədi Quliyev tərəfindən aparılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, məlumatlandırıcı sessiyada muxtar respublikada məşqçi və ya hakim kimi fəaliyyət göstərən 14 nəfər iştirak edib. Seminar zamanı beynəlxalq güləş qaydalarına edilmiş son dəyişikliklər, onların yarışlarda tətbiq mexanizmi, hakim qərarlarının düzgün və vahid formada verilməsinin əhəmiyyəti ətraflı izah olunub, praktiki nümunələr əsasında müzakirələr aparılıb.
Tədbirin əsas məqsədi hakim və məşqçilərin peşəkar bilik və bacarıqlarını artırmaq, eyni zamanda muxtar respublikada keçirilən güləş yarışlarında obyektivliyin və ədalətli idarəetmənin təmin olunmasına töhfə verməkdir.










