Naxçıvanda 3 bölgədə idman zonası istifadəyə veriləcək -

Naxçıvanda 3 bölgədə idman zonası istifadəyə veriləcək - FOTO

13 Yanvar 2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında “Sağlam məhəllə” layihəsi əsasında idman zonaları yaradılır. Layihə Babək, Culfa və Şahbuz şəhərlərini də əhatə edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 2025-ci ilin noyabr ayından etibarən inşaat işlərinə start verilən həmin şəhərlərdə proses paralel və ardıcıl şəkildə davam etdirilməkdədir. Hər üç ərazidə betonlama, bərkitmə, çəpərləmə işləri aparılıb, minifutbol və basketbol oyun sahələrində müvafiq işlər görülüb. “Sağlam məhəllə” layihəsi üzrə işlərin cari ilin fevral ayında tam başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən layihənin uğurlu icrası üçün yaxından dəstək göstərilir, lazımi işlər icra edilir.

Qeyd edək ki, hər bir idman zonasında açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər.