Vüqar Abbasov: Muxtar Respublika üçün nəzərdə tutulan və növbəti 10 ili əhatə edən təşviqlərin real nəticələr verəcəyinə inanırıq
Naxçıvan Muxtar Respublikası Sahibkalar Konfederasiyası tərəfindən 2025-ci ildə əldə olunan uğurlar və ilin yekunlarına dair tədbir keçirilib.
Naxçıvan Palasda keçirilən tədbirdə Mərkəzi və Yerli İcra Hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdən sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.
O, qeyd edib ki, 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Vüqar Abbasov vurğulayıb ki, bu təşviqlər öz müsbət nəticəsini verəcək.
O, qeyd edib ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla keçirilən görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Onun sözlərinə görə, artıq həmin görüşün müsbət nəticələri özünü göstərməyə başlayıb.
Vüqar Abbasov əlavə edib ki, qısa müddətdə Muxtar Respublika üçün nəzərdə tutulan və növbəti 10 ili əhatə edən təşviqlərin real nəticələr verəcəyinə inanırıq.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








