Naxçıvanda şəhərdaxili avtobus marşrutları niyə müsabiqəyə çıxarılır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nə açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, şəhərdaxili və şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılması, eyni zamanda marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun təşkil olunur. İddiaçılar sənədlərini 3 fevral 2026-cı il saat 17:00-dək AYNA-ya təqdim edə bilərlər.
"Marşrutlar üzrə təkliflərə 1–4 nömrəli xətlər üçün fevralın 17-də, 5–9 nömrəli xətlər üçün isə fevralın 20-də baxılacaq. Müsabiqənin nəticələri barədə mediaya əlavə məlumat veriləcək", - deyə mətbuat katibi bildirib.








