Naxçıvana tətbiq olunan 10 illik vergi güzəştlərinə aydınlıq gətirildi

Naxçıvana tətbiq olunan 10 illik vergi güzəştlərinə aydınlıq gətirildi

07 Yanvar 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin 2025-ci il dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib.

Yeni dəyişikliklər investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın təşviqi və vergi–sosial yükün azaldılmasına yönəlib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  müsahibəsində Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi yükünün optimallaşdırılması, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir.

“Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər isə xüsusilə Naxçıvan Muxtar Respublikasında sahibkarlar üçün sosial sığorta yükünün azaldılmasını nəzərdə tutur.

Elçin Babayev bildirib ki, sosial güzəşt tədbirləri çərçivəsində 2026–2036-cı illərdə Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektorunda fəaliyyət göstərən və bilavasitə istehsal, emal və hasilat sahələrində (neft-qaz sektoru istisna olmaqla) çalışan sığortaedənlərin işçilərə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları mərhələli şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Belə ki, bu haqların 2026–2029-cu illərdə 100 faizi, 2029–2032-ci illərdə 80 faizi, 2032–2034-cü illərdə 60 faizi, 2034–2036-cı illərdə isə 40 faizi subsidiyalaşdırılacaq.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-dövlət sektoruna aid fərdi sahibkarların özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsi hesabına ödəniləcək.

Müsahibədə qeyd olunub ki, neft-qaz, maliyyə və yükdaşıma sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət sifarişi ilə işləyən podratçılar bu güzəştlərdən yararlana bilməyəcək. Lakin Naxçıvanda istehsal fəaliyyəti ilə məşğul olan podratçılar istisna təşkil edir və onlar güzəştlərdən faydalana biləcəklər.

Qeyd edək ki, yeni sosial güzəştlər Naxçıvanda sahibkarlığın inkişafına, istehsalın genişlənməsinə və məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

Müsahibəni hazırladı:

Xosrov İbrahimov