İqtisadçı xəbərdarlığı: Rəqəmsal vəsiyyət iqtisadi zərurətə çevrilir
Müasir iqtisadiyyat və cəmiyyət hazırda rəqəmsal transformasiya mərhələsindədir. Texnologiyanın sürətli inkişafı və qloballaşma prosesinin dərinləşməsi ilə rəqəmsal və ənənəvi iqtisadiyyatlar paralel inkişaf edir. Bu proses artıq yalnız texnoloji deyil, həm də ciddi iqtisadi və hüquqi çağırışlar yaradır.
Bu fikirləri iqtisadçı Mərhəmət Nabatov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib.
İqtisadçının sözlərinə görə, müasir iqtisadiyyat artıq yalnız fiziki aktivlər (daşınmaz əmlak –ev, torpaq), avtomobil, texnika və ya digər fiziki mallar) üzərində qurulmur. Bank hesabları, investisiya portfelləri, kriptovalyutalar, onlayn biznes səhifələri, monetizasiya olunan sosial media hesabları və rəqəmsal müəllif hüquqları bu gün real iqtisadi dəyər yaradan rəqəmsal aktivlərə çevrilib. Bu baxımdan, rəqəmsal vəsiyyət anlayışı təkcə hüquqi deyil, həm də iqtisadi zərurət kimi qiymətləndirilməlidir.
Mərhəmət Nabatov qeyd edib ki, iqtisadçı prizmasından yanaşdıqda rəqəmsal vəsiyyət bir növ rəqəmsal kapitalın davamlı idarə olunması mexanizmidir. Şəxsin vəfatından sonra bu aktivlərin taleyinin müəyyən edilməməsi iqtisadi itkilərə, aktivlərin dondurulmasına və ya tamamilə sıradan çıxmasına səbəb olur ki, bu da faktiki olaraq milli və fərdi sərvətin itirilməsi deməkdir.
İqtisadçı onlayn ticarət platformalarında fəaliyyət göstərən hesablar, reklam gəliri gətirən YouTube və ya Instagram səhifələri, kriptovalyuta portfelləri sahibinin vəfatı ilə birlikdə istifadəsiz qalan hesablar haqda danışıb:
Bu profillər sahibinin vəfatı ilə birlikdə istifadəsiz qala bilir. Halbuki düzgün tərtib edilmiş rəqəmsal vəsiyyət bu aktivlərin mirasçılar tərəfindən idarə olunmasını və iqtisadi dövriyyədə qalmasını təmin edə bilər.
İqtisadçı rəqəmsal vəsiyyətin olmamasının yaratdığı maliyyə risklərini də vurğulayıb:
Parolların itirilməsi, hüquqi qeyri-müəyyənlik və platformaların daxili qaydaları nəticəsində ailə üzvləri real maliyyə resurslarına çıxış əldə edə bilmir. Həmçinin rəqəmsal maliyyə aktivlərinə çıxışın itirilməsi, gəlir gətirən onlayn resursların sıradan çıxması, vaxt və əməliyyat xərcləri ailənin rifahına birbaşa təsir göstərir və bu itkilər əksər hallarda geri dönməz olur. Bu vəziyyət risk menecmenti baxımından planlaşdırılmamış və qarşısı alına bilən itkilər kateqoriyasına daxildir.
O, bildirib ki, məsələ təkcə fərdi deyil, dövlət və cəmiyyət səviyyəsində də ciddi əhəmiyyət daşıyır. Rəqəmsal aktivlərin iqtisadi sistemdə payı artdıqca, onların miras mexanizmlərinin tənzimlənməsi maliyyə sabitliyi və hüquqi şəffaflıq baxımından vacibdir. Bu sahədə normativ bazanın formalaşdırılması və bank-fintex sektorunun prosesə inteqrasiyası müasir iqtisadi çağırışlara uyğun addım ola bilər.
İqtisadçının sözlərinə görə, rəqəmsal iqtisadiyyatın genişlənməsi klassik mülkiyyət anlayışını ciddi şəkildə transformasiya edib. Bu gün milyonlarla insanın maliyyə, informasiya və reputasiya dəyəri daşıyan aktivləri bank seyflərində deyil, beynəlxalq rəqəmsal platformaların serverlərində saxlanılır. Lakin şəxsin ölümündən sonra bu rəqəmsal mülkiyyətin kimə məxsus olduğu məsələsi açıq qalır.
O bildirib ki, bir çox hallarda bu aktivlər mirasçılara deyil, platformaların faktiki nəzarətinə keçir. Sosial şəbəkə hesabları, elektron poçtlar və bulud yaddaşları platformaların daxili qaydaları ilə tənzimlənir və istifadəçi bu aktivlərin sahibi yox, sadəcə istifadə hüququna malik subyekt kimi çıxış edir. İqtisadi baxımdan bu, real dəyərin məhv edilməsi, yəni "ölü kapital"-ın yaranması deməkdir.
Rəqəmsal maliyyə aktivlərinə çıxışın itirilməsi, gəlir gətirən onlayn resursların sıradan çıxması, vaxt və əməliyyat xərcləri ailənin rifahına birbaşa təsir göstərir və bu itkilər əksər hallarda geri dönməz olur.
İqtisadçının fikrincə, hazırkı mərhələdə Azərbaycanda rəqəmsal aktivlərin miras kimi ötürülməsi sahəsi hələ tam formalaşmayıb və bu, iqtisadi baxımdan struktur boşluq yaradır. Çünki mülkiyyət hüququnun qorunmadığı yerdə bazar effektivliyi və davamlı iqtisadi inkişaf mümkün deyil. bu risklərin qarşısının alınması üçün rəqəmsal aktivlərin hüquqi statusu qanunvericilikdə ayrıca tənzimlənməli, rəqəmsal vəsiyyət mexanizmləri formalaşdırılmalı və vətəndaşların maliyyə savadlılığı artırılmalıdır.
Müsahibəni hazırladı:
Nəzrin Umay








