Naxçıvanda ümumilikdə 20 yaşayış binasında liftlərin yenilənməsi nəzərdə tutulur
Naxçıvan şəhərində çoxmərtəbəli yaşayış binalarında liftlərin yenilənməsi işləri davam etdirilir.
Bu barədə Naxçıvan Lift Xidməti İdarəsinin rəisi Qorqud Quliyev “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində məlumat verib.
Qorqud Quliyevin sözlərinə görə, görülən işlər Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilir. Hazırda Naxçıvan Lift Xidməti İdarəsinin balansında 52 ədəd lift vətəndaşlara xidmət göstərir. Şəhərin əsasən çoxmərtəbəli yaşayış binalarında quraşdırılmış bu liftlər Belarus və Türkiyə istehsalıdır.
Müsahibədə bildirilib ki, liftlərin dövrün tələblərinə uyğun şəkildə yenilənməsi mərhələli şəkildə aparılır. Hazırda 5 binada liftlərin yenilənməsi tam başa çatıb, sazlama işləri yekunlaşdırılıb və təmir-tikinti işləri tamamlanmaq üzrədir. Digər 6 binada liftlərin montaj işləri bitib, hazırda isə təmir və tikinti işləri davam etdirilir. 9 binada isə köhnə liftlərin demontajı aparılıb, eyni zamanda yeni liftlərin montajı və müvafiq tikinti işləri normativ tələblərə uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, ümumilikdə 20 yaşayış binasında liftlərin yenilənməsi nəzərdə tutulur. Görülən işlər sakinlərin təhlükəsiz və rahat istifadəsini təmin etmək məqsədi daşıyır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








