Azərbaycanda üç vəkil cəzalandırılıb
Azərbaycanda yol verdikləri intizam pozuntularına görə bir vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, birinə xəbərdarlıq tətbiq edilib, digəri isə cərimələnib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Bundan başqa, yığıncaqda bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Bundan əlavə, iclasda "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə" Təlimata dəyişiklik edilməsi məsələsinə baxılıb, habelə Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə əlaqədar fəaliyyətlərinin illik statistik hesabatı təhlil olunub. Aparılan müzakirələr və təqdim edilən məlumatlar əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.








