İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib

İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib

19 Fevral 2026

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları Lerik rayonunda torpağa tapşırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Lerik rayonunun Mastail kənd sakini, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları aparılan araşdırmalardan sonra aşkar edilərək eyniləşdirilib.

Nail Dənziyev 1992-ci ilin sentyabrında Sırxavənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. 18 yaşında Vətən qarşısında borcunu yerinə yetirərkən itkin düşən hərbçi uzun müddət itkin hesab olunub. 1997-ci ilin fevralında ona rəsmi olaraq şəhid statusu verilib.

Dəfn mərasimində Lerik rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. Dövlət Himni səsləndirilib, tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim olunub.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb.