Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

02 Yanvar 2026

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub.

Onun ailəsi 1975-ci ildə Mingəçevirə köçüb və o, burada səkkizillik məktəbi bitirərək, qaynaqçı ixtisası üzrə peşə məktəbinə daxil olub.

1991-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və könüllü cəbhəyə yollanıb.

Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün təkbaşı vuruşması ilə məşhurlaşıb. Belə ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb.

Sonradan ermənilər Xocalıda əsr götürülən 22 nəfəri güllələmək hədəsi ilə Natiq Qasımovu təslim olmağa məcbur ediblər. Onun sonrakı taleyindən uzun zaman məlumat olmayıb.

Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən Natiq Qasımova həsr edilmiş "Oğul" sənədli filmi çəkilib və filmdə Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman onun şəkillərini çəkən italyan müharibə fotoqrafı Enriko Sarsinin də fotoları nümayiş etdirilib. Erməni tərəfi Natiqin sonrakı taleyi ilə bağlı film müəlliflərinə müəmmalı cavablar versələr də, Natiq Qasımovun güllələndiyi ehtimal olunur.

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.