Naxçıvanlı yeniyetmə futbolçuların arzusu gerçəkləşib -

Naxçıvanlı yeniyetmə futbolçuların arzusu gerçəkləşib - FOTO

19 Fevral 2026

Naxçıvan Muxtar Respublikasından olan 10 nəfər yeniyetmə futbolçu və 1 məşqçinin UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan “Qarabağ”-“Nyukasl” qarşılaşmasını stadiondan izləməsi təmin olunub. Onların Bakı şəhərinə səfəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi əsasında təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yeniyetmə futbolçular Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Babək rayonunda inşa olunan “Sağlam məhəllə” idman zonasının açılış mərasimində iştirakı zamanı ölkə və beynəlxalq səviyyəli futbol oyunlarını stadiondan izləmək istəklərini ifadə etmişdilər. Səsləndirilən bu arzu qısa müddətdə müsbət qarşılanaraq reallaşdırılıb.

Əsas məqsəd bölgələrdə yetişən istedadlı futbolçuların motivasiyasını artırmaq və böyük futbol mühitini yaxından tanımasına şərait yaratmaqdır. Bu kimi addımlar gənc idmançıların qarşılarına daha böyük hədəflər qoymasına və peşəkar inkişaf yolunda inamla irəliləməsinə mühüm stimul verir.