Sədərək rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
Fevralın 19-da Sədərək rayonunda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iş adamlarıyla görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri və rayon sahibkarları iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonda sahibkarlığın dəstəklənməsinin və yeni iş yerlərinin yaradılmasının diqqət mərkəzində saxlanıldığını, görülən işlərin əhalinin rifahının yüksəldilməsinə və rayonun davamlı inkişafına xidmət etdiyini bildirib. Naim Cahidzadə keçirilən görüşü yüksək qiymətləndirərək, belə görüşlərin sahibkarlar üçün faydalı platforma olduğunu və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, muxtar respublikanın iqtisadiyyatı müxtəlif sahələrdə uğurla inkişaf edir və bu inkişafın davamlı olması üçün sahibkarların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Nazir 1 yanvar 2026-cı il tarixindən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştlərinin dövlət başçısının regiona göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, sahibkarları regionun iqtisadi potensialından və dövlətin təqdim etdiyi dəstək mexanizmlərindən səmərəli istifadə etməyə, yeni investisiya layihələrini həyata keçirməyə və mövcud fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın inkişafına töhfə verməyə çağırıb.
Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri tərəfindən iş adamları üçün dəstək mexanizmləri, güzəştli kreditlərin verilməsi qaydaları, eləcə də yeni vergi, gömrük və sosial sığorta güzəştləri barədə təqdimatlar edilib.
Tədbirin sonunda təşkil olunan panel müzakirəsi zamanı sahibkarlar dövlət qurumlarının nümayəndələrinə müraciət edərək onları maraqlandıran məsələləri diqqətə çatdırıblar. Qaldırılan suallar ətraflı cavablandırılıb.












