İran Azərbaycandan elektrik enerjisi alışını artırıb
2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058 milyon ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.
Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3% azdır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.








