Kamran Əliyev Yuri Jdanovu qəbul edib

Kamran Əliyev Yuri Jdanovu qəbul edib

03 Mart 2026

Azərbaycan bu ilin sentyabr ayında Kazan şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasına dəvət olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Jdanovu qəbul edib.

Görüşdə Baş prokuror MDB məkanında prokurorluq orqanları arasında əməkdaşlığın əlaqələndirilməsində Şuranın mühüm rol oynadığını vurğulayaraq, qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Qonağın qısa müddət ərzində ölkəmizə növbəti səfərinin təşkilini xüsusi qeyd edən Kamran Əliyev bunun tərəflər arasında işgüzar əlaqələrin intensivliyini və qarşılıqlı etimada əsaslanan münasibətlərin davamlı xarakter daşıdığını göstərdiyini diqqətə çatdırıb.

Yuri Jdanov Azərbaycan ilə hüquqi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. O, Azərbaycan Prokurorluğunun MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası çərçivəsində fəal mövqeyini və təşəbbüskarlığını yüksək qiymətləndirərək, birgə layihələrin və praktik əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı cari ilin sentyabr ayında Kazan şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasına hazırlıq məsələləri, həmçinin cari ilin mart ayında Sankt-Peterburq şəhərində təşkil olunacaq görüşlə bağlı fikir mübadiləsi aparılıb. Yuri Jdanov Azərbaycan tərəfini sözügedən tədbirlərdə iştirak etməyə dəvət edib.

Tərəflər MDB məkanında hüquqi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıblar.