“BakuBus” Naxçıvanda qadın sürücüləri də sükan arxasına dəvət edir
"BakuBus" MMC Naxçıvan şəhərində fəaliyyətə başlayacaq. İlkin mərhələdə Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli marşrut xətləri üzrə fəaliyyətin təşkili nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Bakubus” MMC-dən bildirilib.
Qurumdan qeyd edilib ki, “BakuBus qadınları sükan arxasına dəvət edir” layihəsi çərçivəsində, Bakı şəhərində olduğu kimi, Gəncə və Naxçıvan şəhərlərində də qadın sürücülərin cəlb olunması nəzərdə tutulur.
"Namizədlər müəyyən edilmiş tələblərə uyğun olaraq müraciət edə bilərlər",- "BakuBus"-dan əlavə edilib.
Xatırladaq ki, bir neçə gün öncə "BakuBus" MMC Naxçıvanda fəaliyyətə başlamasını elan edib. MMC-dən bildirilib ki, marşrut xətləri, müasir avtobuslar və nağdsız ödəniş sistemi ilə Naxçıvan şəhərinin sakinlərinə rahat və təhlükəsiz sərnişindaşıma xidməti təqdim olunacaq.








