Şahmar Hacıyəhyayev: Naxçıvandakı kiber maarifləndirmə düzgün qərarların təməlidir
Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının rəhbər heyəti üçün nəzərdə tutulmuş kiber təhlükəsizlik üzrə xüsusi maarifləndirici proqram həyata keçirmişik. Proqramın əsas məqsədlərindən biri ölkədə kiber təhlükəsizlik ekosisteminin gücləndirilməsidir. Bu çərçivədə yalnız texniki imkanların inkişafı və kadr potensialının artırılması deyil, eyni zamanda dövlət və özəl sektor rəhbərlərinin bu sahəyə marağının artırılması da prioritet istiqamətlərdəndir.
Bu gün başlayan tədbirin əsas məqsədi rəhbər şəxslərə kiber təhdidlərin necə yarandığını, onların real həyata təsirini, düzgün investisiyaların əhəmiyyətini və kiber risklərə qarşı dayanıqlı modellərin formalaşdırılması yollarını izah etməkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev deyib.
O qeyd edib ki, bu kimi silsilə tədbirlər Azərbaycanda informasiya və kiber təhlükəsizlik üzrə qəbul olunmuş strategiyanın icrasına mühüm töhfə verir. Strategiya yalnız kadr hazırlığını deyil, eyni zamanda idarəetmə səviyyəsində düzgün qərarların qəbulunu da əhatə edir: "Müasir dövrdə kiber təhlükəsizlik sahəsi artıq yeni bir mübarizə müstəvisinə çevrilib. Ənənəvi müharibələr böyük resurslar tələb etdiyi halda, kiber mühitdə aparılan hücumlar daha az resursla, lakin daha geniş təsir imkanları ilə həyata keçirilə bilir. Bu isə kiber təhlükəsizliyin əhəmiyyətini daha da artırır.
Bu gün istifadə etdiyimiz informasiya sistemlərində və rəqəmsal cihazlarda minlərlə, hətta milyonlarla potensial zəiflik mövcuddur. Bu zəifliklərin aradan qaldırılması üçün həm texniki mexanizmlər hazırlanmalı, həm də düzgün investisiya qərarları ilə müasir təhlükəsizlik həlləri tətbiq olunmalıdır".
Şahmar Hacıyəhyayevin sözlərinə görə, kiber təhlükəsizlik sahəsində ən zəif həlqə insan faktorudur. Bu amil illərdir aktuallığını qoruyur. Xüsusilə sosial mühəndislik və müxtəlif fırıldaqçılıq üsulları texnologiyanın inkişafı ilə daha da təkmilləşib. Əvvəllər sadə üsullarla həyata keçirilən aldadıcı yanaşmalar bu gün bank xidmətləri, elektron platformalar və digər rəqəmsal vasitələr üzərindən daha mürəkkəb formalar alıb. Bu baxımdan kiber maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. İnsanlar qarşılaşa biləcəkləri riskləri bilməli, rəqəmsal mühitdə baş verən fırıldaqçılıq üsullarını tanımalı və özlərini qorumaq üçün düzgün davranış modelləri formalaşdırmalıdırlar.
Kiber mühitdə də gigiyena qaydaları mövcuddur. Bu qaydalara əməl edilməsi həm texniki mütəxəssislər, həm də bütün əməkdaşlar üçün vacibdir. Sadə təhlükəsizlik qaydalarına riayət etməklə kiber risklərin əhəmiyyətli hissəsinin qarşısını almaq mümkündür.
“Hər bir sahədə olduğu kimi, kiber mühitdə də gigiyena qaydaları mövcuddur. Bu qaydalara yalnız texniki mütəxəssislər deyil, hər bir əməkdaş riayət etdikdə, kiber təhlükələrin təxminən 50 faizdən çoxunun qarşısını almaq mümkündür”- deyə o əlavə edib.
Müsahibəni hazırladı:
Mətin Kamal








