Shahar Goldenberg: Məqsədimiz Azərbaycanı kibertəhlükəsiz məkana çevirməkdir

Shahar Goldenberg: Məqsədimiz Azərbaycanı kibertəhlükəsiz məkana çevirməkdir

15 Aprel 2026

“NAXÇIVANXƏBƏRLƏRİ”- nə müsahibəsində çıxış edən CyberProAI şirkətinin Regional satış direktoru Shahar Goldenberg Naxçıvanda rəhbər şəxslər üçün keçirilən kibertəhlükəsizlik təliminin əhəmiyyətindən danışıb.

O bildirib ki, CyberProAI olaraq Naxçıvana ilk səfərləridir və belə mötəbər tədbirdə iştirak etmək onlar üçün xüsusi önəm daşıyır:

“Bu, bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə təmsil etdiyimiz ilk tədbir deyil. Artıq 3 ildən çoxdur ki, Azərbaycanda vahid komanda kimi kiber mühitin inkişafına töhfə veririk”.

Shahar Goldenberg qeyd edib ki, bu müddət ərzində AZAL, bank, telekommunikasiya və sığorta sektorlarında çalışan əməkdaşlar üçün müxtəlif təlimlər, seminarlar və vorkşoplar təşkil olunub.

Onun sözlərinə görə, paralel olaraq ölkədə gələcəyin kiber mütəxəssislərinin hazırlanmasına da xüsusi diqqət yetirilir:

“Son 3 ildə 300-dən çox məzunumuz olub. Onlar hazırda müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla fəaliyyət göstərirlər”.

Şirkət nümayəndəsi vurğulayıb ki, əsas məqsədləri Azərbaycanı kibertəhlükəsizlik baxımından daha güclü məkana çevirmək və süni intellekt sahəsində inkişafı dəstəkləməkdir.

Müsahibəni hazırladı:

Mətin Kamal