Ömrü dastana çevrilmiş alim – Zərifə xanım Əliyeva

Ömrü dastana çevrilmiş alim – Zərifə xanım Əliyeva

15 Aprel 2026

Ömrü ilə yaddaşlara nur, xatirəsi ilə qəlblərə işıq bəxş edən əbədiyaşar bir dəyərdir Zərifə xanım Əliyeva. Onun bioqrafiyası Azərbaycan qadınının elmə, ailəyə, dövlətə və xalqına sadiq qalaraq zirvələr fəth edə biləcəyinin bariz sübutudur. Akademik Zərifə Əliyevanın elmi iris Azərbaycan tibb elminin inkişaf trayektoriyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Onun alim kimi qazandığı uğurlar təkcə fərdi nailiyyətlər deyil, həm də bir elmi məktəbin formalaşmasına xidmət edən sistemli və strateji yanaşmanın nəticəsi idi.

Zərifə xanəm Əliyeva belə bir ömür yaşadı. Belə ki, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. Bu başlanğıc bəşəri sevginin başlanğıcı olacaqmış. Mövcud müalicə üsul və metodları ilə kifayətlənməyən həkimlər insanlar üçün, insanlıq üçün elm aləmində ümid işığı axtarırdı. Zərifə xanım da bu yolu seçdi, 1950-ci ildə aspiranturaya daxil oldu. Elmin işığını təbabətə gətirmək istəyirdi.

Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. Görkəmli alim vərəm, şəkərli diabet və qlaukoma kimi xəstəliklər nəticəsində gözün zədələnmə xüsusiyyətlərinin öyrənilməsi kimi ağrılı problemləri də tədqiq etmişdir. Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır.

1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Zərifə Əliyevaya “oftalmologiya” ixtisası üzrə “böyük elmi işçi” elmi adı verilmişdir. O, 1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Elmi-pedaqoji işlərlə yanaşı Zərifə Əliyeva praktik tibbi fəaliyyətini davam etdirirdi. Zəngin təcrübəyə və elmi-nəzəri səviyyəyə malik olan Zərifə xanım öz bilik və bacarığını klinik və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr edərək, yeni, uğurlu işlərin başlanğıcını qoyur.

Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Onu da qeyd edək ki, Zərifə xanım Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir.

1977-ci ildə Zərifə xanım.Əliyeva müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru vəzifəsinə seçilmişdir. Bu dövrdən başlayaraq, Zərifə Əliyevanın pedaqoji fəaliyyəti daha da genişlənmişdir.

Görkəmli alim 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Zərifə Əliyeva həmişə ictimai fəaliyyətlə məşğul olmuş, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur.

Görkəmli alim, praktik səhiyyə üçün kadr hazırlığına və həkimlərin ixtisasının artırılmasına da ürəkdən səy göstərir, çox vaxt sərf edirdi. Bilavasitə onun rəhbərliyi altında çoxlu sayda gənc alimlər və həkim-oftalmoloq qrupları hazırlanmışdır. Zərifə Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmiş, çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdur. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım həmçinin, Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir Ana idi. İşinin çox olmasına baxmayaraq, Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim yaşayır və yaşayacaqdır.

Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Zərifə xanım yüksək intellektə malik alim, layiqli vətəndaş, böyük insan idi. Ruhu şad olsun gözəl ana.

Asəf ORUCOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı