NDU-da dekorativ-tətbiqi sənət nümunələri:  duzdan düzəldilən aksesuarlar

NDU-da dekorativ-tətbiqi sənət nümunələri: duzdan düzəldilən aksesuarlar

15 Aprel 2026

İncəsənət olduqca rəngarəng və maraqlı sahədir. Bu sahənin estetik görünüşü ilə seçilən növlərindən biri də insan əlinin toxunduğu dekorativ-tətbiqi sənət nümunələridir. Müasir dövrdə yaradıcı əllər ən gözlənilməz materialları belə sənət əsərinə çevirə bilir. Duzdan hazırlanan bəzək və zinət əşyaları da bu kateqoriyaya aid edilə bilər . Sadə və gündəlik istifadə etdiyimiz duz yaradıcı düşüncə sayəsində estetik və qeyri-adi sənət nümunələrinə çevrilir.

Duzdan sənət əsərləri hazırlayan ustalar bu sahədə həm səbir, həm də yüksək zövq nümayiş etdirirlər. Onların hazırladıqları ev aksesuarları, boyunbağılar, üzüklər və sırğalar yalnız bəzək əşyası deyil, eyni zamanda təbiətin gözəlliyini və incəliyini əks etdirən sənət nümunələridir.

Naxçıvan Dövlət Universitetində də bu sahə üzrə peşəkar müəllimlərin və istedadlı tələbələrin fəaliyyət göstərməsi universitetdə incəsənətin inkişaf etdiyinin əyani göstəricilərindəndir. Ötən aylarda İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının baş müəllimi Əzizə Məmmədovanın rəhbərliyi ilə “Təsviri incəsənət” ixtisasında təhsil alan tələbələrin dekorativ-tətbiqi sənət nümunələrindən, o cümlədən Naxçıvan duzunun kristal hissəsindən hazırlanmış müxtəlif sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. İzləyicilərin böyük marağına səbəb olan duzdan hazırlanmış əl işlərinin daha geniş auditoriyaya təqdim edilməsi məqsədilə sahənin peşəkarlarından Əzizə Məmmədova ilə həmsöhbət olduq.

Müsahibin sözlərinə görə, bu sahəyə maraq təsadüfən yaranıb. İlk olaraq sadə və asan nümunələrlə başlayan fəaliyyəti zamanla peşəkar səviyyəyə yüksəlib. Duzun müxtəlif formalara salınması, rənglənməsi və üzərində naxışların işlənməsi xüsusi bacarıq və bilik tələb edir. Bu isə sənətkarın fəaliyyətinə həm elmi, həm də yaradıcı yanaşma qazandırır.

Əzizə Məmmədova işlərində milli ornamentlərdən istifadə etdiyini vurğulayaraq bildirib ki, bu naxışlar vasitəsilə həm milli dəyərlərimizi yaşatmağa, həm də hazırladığı nümunələrə daha dərin məna qatmağa çalışır.

Müsahibimiz eyni zamanda əldə etdiyi bilik və təcrübəni universitetin tələbələri ilə bölüşməyi də vacib vəzifə kimi görür. Onun fikrincə, gənclərin bu sahəyə marağının artırılması və onlara praktik biliklərin ötürülməsi dekorativ-tətbiqi sənətin inkişafına mühüm töhfə verə bilər.

Müəllimə tələbələrin bu sahəyə marağını artırmaq üçün dərslərdə yalnız nəzəri biliklə kifayətlənməyərək, tələbələrin birbaşa yaradıcılıq prosesinə cəlb olunmasına xüsusi diqqət yetirir. Duz materialı ilə işləməyin incəliklərini əyani şəkildə göstərməsi tələbələrdə həm maraq, həm də motivasiya yaradır.

Eyni zamanda, tələbələrin fərdi yaradıcılığını ön plana çıxarmaq, onlara sərbəst ideya vermək və öz dizaynlarını hazırlamağa imkan yaratmaq da əsas metodlardan biridir. Bu yanaşma gənclərin öz potensialını daha rahat kəşf etməsinə şərait yaradır.

Bundan əlavə, tələbələrin işlərinin sərgilərdə nümayiş etdirilməsi onların motivasiyasını daha da artırır. Hazırlanan əl işlərinin ictimaiyyətə təqdim olunması gənclərdə həm məsuliyyət hissi formalaşdırır, həm də onları daha yaradıcı olmağa sövq edir.

Bu sahənin inkişaf etdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində duz emalatxanasının yaradılması istiqamətində işlər aparılır. Sözügedən emalatxanada tələbə və müəllimlərin hazırladıqları hədiyyəlik məhsullar, eləcə də satış üçün nəzərdə tutulan müxtəlif yaradıcılıq nümunələri, memarlıq və heykəltəraşlıq əsərləri təqdim olunacaq.

Qeyd edək ki, bəzi sənətkarlar öz əl işlərini patentləşdirərək bu sahədə yeniliklərə imza atırlar. Bu isə həm müəllif hüquqlarının qorunmasına, həm də sənətin inkişafına töhfə verir. Həmsöhbətimiz Əzizə Məmmədovanın Naxçıvan duzunun kristal hissəsindən və Himalay duzundan hazırladığı zinət əşyası da 2024-cü ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən patentə layiq görülüb. Sözü gedən zinyət əşyası Azərbaycan Respublikası Əqli mülkiyyət Agentliyinin rəsmi “Sənayə Mülkiyyəti” bülletenində dərc edilib. Eyni zamanda beynəlxalq patent üçün müraciət olunduğunu bildirən müsahibimiz yaxın gələcəkdə bu prosesin təsdiqlənəcəyini dilə gətirib.

Badəm ƏLİYEVA

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi