Əcəmi obrazı: zaman və sənət kontekstində

Əcəmi obrazı: zaman və sənət kontekstində

15 Aprel 2026

Azərbaycan ədəbi mühitinin görkəmli sənətkarlarında olan Hüseyn İbrahimov (1919-2008)  XX əsrdə nəsr sahəsində yaradıcılıqla məşğul olan və dəyərli nəsr nümunələri ilə seçilən imzalardan idi. O, eyni zamanda nasir kimi tanınmış, mükəmməl nəsr əsərləri ilə elmi ictimaiyyətin, eləcə də oxucuların diqqətini öz üzərinə çəkmişdir. Naxçıvan ədəbi mühitinin sanballı yazıçılarından olan Hüseyn İbrahimov ədəbiyyatımızda hekayələr, povestlər və tarixi romanları ilə tanınmış və bunun nəticəsi olaraq Xalq yazıçısı fəxri adına layiq görülmüşdür.

Azərbaycan ədəbiyyatında tarixi nəsrin yaranması və inkişafı XX əsrlə bağlıdır. Tarixi  roman janrı Məmməd Səid Ordubadinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıclığında formalaşmağa başlamışdır.  Hüseyn İbrahimovun, Əzizə Cəfərzadənin, Oqtay Salamzadənin, Fərman Kərimzadənin, Həmid Arzulunun, Güllü Məmmədovanın, Sona Teymurbəylinin yazdıqları muxtəlif janrlı nəsr nümunələri də tarixi nəsrə parlaq nümunələrdir.

Azərbaycanın xalq yazıçısı olan Hüseyn İbrahimovun “Əsrin onda biri” romanında XII əsr Azərbaycan intibah məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və fəaliyyətindən bəhs edilir.  Azərbaycanın qədim dövlətlərindən olan Atabaylər dövlətinin başçısı Məhəmməd Cahan Pəhləvanın tapşırığı ilə anası Möminə Xatunun məzarı üzərində Əcəminin məqbərə tikməsi faktı əsas götürülərək romanda memarın həyatının bu dövrü tarixi reallıqlar və müəllifin təxəyyülü hesabına canlandırılmışdır. Hüseyn İbrahimov romanı 1973-1984-cü illər aralığında yazır. Romandan bəzi parçalar müxtəlif vaxtlarda “Şərq qapısı” və “Bakı” qəzetlərində, eləcə də “Azərbaycan” jurnalında dərc olunmuşdur. Roman ilk dəfə 1987-ci ildə çap olunub və  Azərbaycan ədəbiyyatında şəxsiyyət və zaman probleminin qoyulduğu əsərlərdən biridir.

 Yazıçı ilk vaxtlar romanı “Əcəmi” adlandırmış,  amma zamanın və dövrün ruhunu daha dərindən əks elətdirmək üçün əsəri  “Əsrin ondan biri” adlandırmağa üstünlük vermiş. “Əsrin onda biri” romanında  Atabəy Cahan Pəhləvanın hakimiyyəti dövründə baş verən mühüm ictimai-siyasi hadisələr və bu hadisələr fonunda dahi Memar Əcəminin sənət dünyası, tale yolu maraqlı faktlar əsasında qələmə alınmışdır. “Əsrin onda biri” romanındakı hadisələr əsasən Naxçıvanda baş verir.   Roman memar Əcəmiyə həsr olunan ilk romandır. Əsər həm tarixi cəhətdən, həm də ədəbi baxımından mükəmməl hesab olunur. Romanda çoxlu sayda ərəb və fars sözlərindən, ifadələrdən, folklor motivlərindən, şifahi xalq nümunələrindən məharətlə istifadə edilmişdir. 

Uzun illərin zəhməti və təcrübəsi nəticəsində sonda həm tarixi baxımdan, həm də ədəbi cəhətdən  mükəmməl bir tarixi roman meydana çıxır. Möminə Xatun türbəsi on illər ərzində tikilib ərsəyə gələn bir memarlıq nümunəsidir və abidə xeyirxah bir ananın məzarı üstə ucaldırılıb. Roman tək hissəli, müxtəlif yarımbaşlıqlardan ibarətdir. Birinci yarımbaşlıq şəxsiyyətin və sənətin zirvəsi adlanır. Romanda Atabəylər xanədanlığına mənsub olan  Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan haqqında coxlu  əfsanə və rəvayətlərdə verilmişdir. Romanda Məhəmməd Cahan Pəhləvan surəti də əsərdə  aparıcı surətlədən biridir. O, cəsərətli, qətiyyətli dövlət başçısı kimi təqdim olunur. Romandakı əsas tarixi  hadisələr  Naxçıvanın qədim məhəllələrindən olan Şahab meydanında baş verir. Əsərdə memar Əcəminin Yusif ibn Kuseyr abidəsini inşa edib tamamlaması prosesini ətraflı şəkildə izləmək mümkündür.  Yusif ibn Kuseyr abidəsi tikilib başa çatdıqdan sonra Məhəmməd Cahan Pəhləvan Möminə Xatun anaya sərdabə tikməyi ondan rica edir. Məhəmməd  Cahan Pəhləvan istəyir ki, Arana heç bir əcnəbi usta dəvət olunmasın. Belə bir məsuliyyətli işi məhz öz millətinin sənətkarı olan memar Əbubəkr oğlu Əcəmi tiksin. Ancaq Əcəmi  əvvəlcə belə məsuliyyətli işdən boyun qaçırır.  Sonra isə Məhəmməd Cahan Pəhləvanın təklifi ilə razılaşır. Əcəminin dilindən  ara-ara xatirələr oxucuya çatdırılır. O öz təcrübələrini və gördüklərini belə ifadə edir: “Mən ağlım kəsəndən torpağa, daşa vuruldum”. Bu sözlər onun zəhmətini, iradəsini və əzmkarlığını əks etdirir, həm də dövrün çətinliklərinə qarşı mübarizəsini simvolizə etmiş olur. Romanda Cəlaliyyə və Zahidə xatunun da obrazları yaradılmışdır. Bu surətlər vasitəsiylə müəllif həmin dövrün qadın talelərini, cəsarətini və daxili aləmini göstərmişdir.

Möminə Xatun türbəsinin tikilməsinə görə Memar Əcəmi ibn Əbubəkr Naxçıvaniyə “Şeyxül-mühəndis”  (mühəndislər şeyxi) fəxri titulu verilir, ona bir kənd bağışlanır, çiyninə Atabəylərə məxsus xüsusi Təbriz atlasından tikmiş əba salınır. Məhəmməd Cahan Pəhləvanın tübənin açılışındakı çıxışında dediyi nitq də maraqlı tarixi faktlardandır. O bu memarlıq incisini təkcə məqbərə deyil, eyni zamanda sənət əsəri adlandırmaqla Əcəminin işinin, sənətkarlığının, zəhmətinin  yüksək səviyyədə olmasından xəbər verir. Möminə Xatun türbəsinin arxasında görünən bu detallar yalnız memarlıq bacarığını deyil, həm də bədii-estetik zövqünü və sənətkara verilən hörməti əks etdirir. Müəllif göstərir ki, Möminə Xatun türbəsinin açılışına Qaraxitaydan, Şirvandan, Xarəzmdən və başqa yerlərdən çoxlu qonaqlar gəlmişdir. H.İbrahimov bu hissəni böyük diqqət və ustalıqla işləmişdir. Əcəminin dünyasını oxucunun göz önünə gətirməklə sanki hadisələrin içinə çəkir.

Romandakı bəzi hadisələr tarixi qaynaqlardan götürülmüş, bəziləri  isə müəllifin təxəyyülü hesabına qələmə alınmışdır. Romanda müəllif Əcəminin həyatı, ailəsi, nakam məhəbbəti, həyatında Şəhdigülün yeri, qürbətdə yaşayıb vətən həsrəti çəkməsi, Əcəminin əsərin sonunda tənhalığı, özünəməxsus dünyası, ölümü müəllif istedadıyla həssaslıqla və məharətlə qələmə alınmışdır. Memar Əcəmi sadə, səmimi, humanist, əməksevər, mərhəmətli, dostluqda və ailədə sədaqətli obraz kimi təsvir olunur.

Əsərdə diqqət çəkən obrazlardan biri də Əli Şimşəkdir. O, qəhrəman kimi dar gündə elinin yanında olan, xalqın dərdlərini öz dərdinə çevirməyi bacaran, öz cəsarəti, ədaləti ilə xalqın hörmətini qazanmış el igididir. Əsərdəki qadın qəhrəmanları da öz sədaqəti ilə seçilir. Bunlara Şəhdigül, Dəryanur, Cahannur kimi obrazları göstərə bilərik.

Romanda həmçinin bölgənin XII əsr elmi və ədəbi mühiti haqqında məlumatlar da verilir, Naxçıvandakı mədəni mühitin inkişafından söhbət açılır. Romanda böyük Azərbaycan şairləri Əbül-üla Gəncəvinin, Mücirəddin Beyləqaninin, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Qətran Təbrizinin, Xaqani Şirvaninin, Kəmaləddin Naxçıvaninin adı çəkilir, onlar haqqında müəyyən məlumatlar verilir.

Əsərdə diqqəti cəlb edən, maraq doğuran əsas məqamlardan biri də dahi Nizami Gəncəvi obrazının yaradılmasıdır. Romandan görürük ki, müəllif  Nizami Gəncəvi ilə Əcəmi Əbubəkr  oğlunu qarşılaşdır, iki mənəvi qüvvəni bir araya gətirir. Nizami Gəncəvi məktubunda Şərqin böyük memarı Əcəmi Əbubəkr oğluna da “Xəmsə” yaratmağı xahiş edir. Məktublarda Nizami Gəncəvi Memar Əcəmini “Şeyxül-mühəndis” adı alması münasibətiylə təbrik edir, onu ilk dəfə “Şeyx Əcəmi” adlandırır. Bu da müəllifin təxəyyülündən, tarixi romanlarında yaratdığı macəraçılıqdan xəbər verir. Nizami ilə Əcəminin məktublaşması, Əcəminin Xorasanda Dəryanura rast gəlməsi, Şəhdigülün şəxsi həyatı ilə bağlı faktlar, Əcəminin Babəkin nəslindən olması kimi detallar müəllifin təxəyyülünün nəticəsi kimi yazılmışdır.

Qısacası romandakı hadisələr Şəmsədddin Eldənizin ölümündən sonra Məhəmməd Cahan Pəhləvanın Naxçıvana gəlməsi, Atabəylər taxtında oturması ilə başlayır, 1186-cı ildə Əcəmi Əbubəkr oğlunun ölümüylə yekunlaşır. Biz bu romanı oxumaqla, bədii sözün qanadında XII əsr Naxçıvanına xəyali səyahət etmiş oluruq.

Geniş yaradıcılıq diapazonuna malik olan H. İbrahimovun nəsr yaradıcılığı Azərbaycan nəsrinin zənginləşməsinə dəyərli töhfələr vermişdir. “Əsrin onda biri” romanı Azərbaycan ədəbiyyatında tarixi roman janrına layiqli önrək olmaqla yanaşı,  tarixmizə, ədəbiyyatımıza, milli mənəvi dəyərlərimizə bağlı bir əsər kimi çox dəyərlidir.

Natavan İbrahimova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı