Naxçıvanda görkəmli bəstəkarın yubileyi qeyd olunub - FOTO
Naxçıvanda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Məmmədovun 90 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutub.
Yaradıcılıq gecəsində çıxış edən Günay Məmmədova Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent bəstəkarın zəngin yaradıcılıq yolu və həyat fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra bəstəkarın tələbələri – Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tarzən Əkrəm Məmmədov və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev Rəşid Məmmədovla bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edib. Konsert proqramı orkestrin bədii rəhbəri və dirijoru, Prezident mükafatçısı Hakim Məmmədli və Prezident mükafatçısı İlhamə Şirəliyevanın rəhbərliyi ilə təqdim olunub.
Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyev, eləcə də Habil Qasımov, Bəhruz Quliyev, Əfsanə Babayeva, Namiq Vəliyev və Fatimə Hüseynova tərəfindən bəstəkarın “Doğma Naxçıvan”, “Dünya heç kimin”, “Ana laylası”, “Baxma oğlan”, “Naxçıvan süitası” və digər əsərləri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda bəstəkarın oğlu Ayxan Məmmədov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.















