Azərbaycanda istilik təchizatı bu gündən dayandırılır

Azərbaycanda istilik təchizatı bu gündən dayandırılır

15 Aprel 2026

Azərbaycanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü başa çatıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilib, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

Hesabat dövründə Cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3800 yaşayış binası, təxminən 176500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.

O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilmişdir.

İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunmuşdur.

Mövsüm ərzində 1309 qazan qurğusu, 3450 nasos avadanlığı,1000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilmişdir.

2026-cı ilin birinci rübündə 924820 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32910 Qkal və ya 3,7 faiz çox olmuşdur.

Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanmış və istismara verilmişdir.

Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99,87 faizi qaz yanacağı, 0,13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilmişdir. Ümumi istehsalın 513 Qkal və ya 0,055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilmişdir.

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılmışdır. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcəkdir.