Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması üzrə işlər aparılır
Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması istiqamətində işlər davam edir.
“18 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında sərəncam imzalanıb”, – deyə Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib və bu istiqamətdə müvafiq işlər həyata keçirilir.
“Abidənin ucaldılacağı ərazi müəyyənləşdirilib, konsept hazırlanıb. Konseptə uyğun olaraq Naxçıvan şəhər ‘Əcəmi Seyrəngahı İstirahət Kompleksi’ndə layihələndirmə işləri aparılıb, hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Eyni zamanda heykəlin və postamentin hazırlanmasına başlanılıb”, – deyə o qeyd edib.
Pərvin Həsənov əlavə edib ki, heykəl hazırda Bakı şəhərində hazırlanır və cari ilin may ayında Naxçıvana gətirilməsi nəzərdə tutulur.
O, həmçinin vurğulayıb ki, layihəyə əsasən heykəlin hündürlüyü 2,7 metr, postamentin hündürlüyü 90 santimetr olacaq, abidənin yerləşəcəyi ərazi isə 212 kvadrat metr təşkil edəcək.
“Abidənin ucaldılması mədəni irsin təbliğini gücləndirəcək, şəhərin estetik görünüşünü daha da yaxşılaşdıracaq və Naxçıvanın diqqətçəkən məkanlarından birinə çevriləcək”, – deyə Pərvin Həsənov bildirib.
Müsahibəni hazırladı:
Nəzrin Umay











