Naxçıvanda tarixi abidələr bərpa olunur

Naxçıvanda tarixi abidələr bərpa olunur

18 Aprel 2026

Naxçıvanın qədim dövlətçilik tarixini və milli memarlıq ənənələrini gələcək nəsillərə çatdırmaq məqsədilə dövlət səviyyəsində mühüm addımlar atılır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat katibi Məmməd Hüseynli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında hazırda icra edilən və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bərpa layihələri haqqında ətraflı məlumat verib.

Məmməd Hüseynli bildirib ki, bəzi əhəmiyyətli abidələrin bərpası üçün artıq hüquqi və maliyyə bazası formalaşdırılıb:

Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Möminə xatun" türbəsinin bərpası və konservasiyası üçün ilkin mərhələdə 1 milyon manat vəsait ayrılıb. 

İkinci mərhələdə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

Hüseyn Cavid məqbərəsində yeni bərpa mərhələsi üçün hazırda layihə-smeta sənədləri hazırlanır.

XVIII əsrə aid olan İsmayıl xan hamamında tarixi bərpa işlərinin aparılması məqsədilə müvafiq layihə-smeta hazırlıqları görülür.

Əcəmi Naxçıvaninin xatirəsinə heykəlin  ucaldılması nəzərdə tutulur.

Müsahib qeyd edib ki, bir sıra abidələrin bərpası artıq uğurla tamamlanıb və ya hazırda iş prosesi davam edir:

"Ərbabın iş yeri" - Şəhərin tarixi hissəsində yerləşən bu abidədə bərpa işləri hazırda uğurla davam etdirilir.

İmamzadə Kompleksi - Kərpic düzümü ilə "Allah" epiqrafik motivlərini əks etdirən bu kompleks 2008-ci ildə əsaslı şəkildə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib.

İsmayıl xan hamamı (İlkin mərhələ) - Abidə daha əvvəl, 2005-ci ildə əsaslı təmir və bərpa edilib. Hazırda planlaşdırılan işlər onun mühafizəsinin növbəti mərhələsidir.

"Hüseyn Cavid məqbərəsinin ətrafında geniş abadlıq işləri aparılıb, ərazi şəhər sakinləri və qonaqlar üçün ziyarət və istirahət mərkəzinə çevrilib. Naxçıvanın həm "daş yaddaşı" sayılan abidələrinin, həm də dahi şəxsiyyətlərinin irsinin bu cür sistemli şəkildə qorunması muxtar respublikanın mədəniyyət siyasətinin əsas xəttini təşkil edir", – deyə müsahib vuğulayıb.

Müsahibəni hazırladı:

Nəzrin Umay