Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub - FOTO
Azərbaycanın əməkdar elm xadimi, həkim-oftalmoloq, tibb elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bir qrup qadın hərbi qulluqçusu Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə əklil qoyub və əziz xatirəsinə böyük ehtiram nümayiş etdiriblər.
Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan “Vətənə xidmət nümunəsi: Azərbaycanın şanlı tarixində qadının rolu” adlı xatirə gecəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Çıxış edənlər Zərifə xanımın yalnız görkəmli oftalmoloq-alim deyil, həm də yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən, ömrünü insanlara, elmə və Vətənə həsr edən böyük şəxsiyyət olduğunu, onun həyat yolunun Azərbaycan qadınının gücünü, mərhəmətini və fədakarlığını parlaq şəkildə nümayiş etdirdiyini vurğulayıblar.
Qeyd olunub ki, bu cür tədbirlər gənc nəslin maarifləndirilməsi, milli dəyərlərin təbliği və Azərbaycan qadınının cəmiyyətimizdəki rolunun ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda Azərbaycan Respublikasının sevilən müğənniləri tərəfindən bədii-musiqili kompozisiya təqdim olunub.















