Naxçıvanda əmək yarmarkası keçiriləcək

Naxçıvanda əmək yarmarkası keçiriləcək

28 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində növbəti əmək yarmarkası təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir mayın 1-də saat 10:00-da Naxçıvan Biznes Mərkəzi binasında (Nəsrəddin Tusi küçəsi) baş tutacaq. Yarmarkaya Naxçıvan Muxtar Respublikasında yaşayan işsiz və iş axtaran vətəndaşlar dəvət olunurlar.

Bildirilib ki, yarmarkada 30-dan çox işəgötürən tərəfindən 150-dən artıq vakansiya təqdim ediləcək. İştirakçılara işəgötürənlərlə birbaşa əlaqə qurmaq, vakansiyalar, iş öhdəlikləri və şərtlər barədə ətraflı məlumat əldə etmək imkanı yaradılacaq.

Qeyd olunub ki, yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Həmçinin, iştirakçıların CV ilə gəlməsi tövsiyə olunur.