Naxçıvanda təhsil alan türkiyəli tələbədən ədiblərimizin dünyada tanıdılmasına təşəbbüs - MÜSAHİBƏ
Naxçıvan Dövlət Universitetinin (NDU) Stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi, 21 yaşlı Mem Doğuhan Çakır Naxçıvanın dahi ədiblərinin əsərlərini ingilis dilinə tərcümə edərək "Amazon" kimi nəhəng platformalar vasitəsilə beynəlxalq müstəviyə çıxarır.
Əvvəllər film və seriallara altyazı hazırlamaqla məşğul olan M.D.Çakır, universitetə daxil olduqdan sonra bütün diqqətini təhsilinə və Azərbaycan dili üzrə biliklərini təkmilləşdirməyə yönəldib.
O, "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamsında bildirib ki, hər gün Cəlil Məmmədquluzadənin ev-muzeyinin önündən keçməsi onda böyük ədibin yaradıcılığına maraq oyadıb.
O əlavə edib ki, qlobal məkanda bu əsərlərin olmaması, Azərbaycan türkcəsi üzərində praktika etməsi məqsədi də bu təşəbbüsünə səbəb olub.
Müsahib öz səmimi etirafları ilə layihənin mənəvi tərəfinə də toxunub:
"Mən onsuz da kitab oxuyan biriyəm, amma bu adların heç birini eşitməmişdim, üstəlik coğrafiyalarımız bu qədər yaxın ikən. Bəlkə də bu mənim qüsurumdur, bilmirəm. Lakin onların təzyiq və senzura altında yazdıqlarını öyrənəndə niyə (dünya üçün) "itkin" düşdüklərini anladım, bu mənə məntiqli gəldi. Bir tədqiqatçı Qafqaz və ya Yaxın Şərq yazıçılarından məlumat axtaranda qarşısına Hüseyn Cavidin və ya Məmmədquluzadənin kitabları da çıxsın, onlara asanlıqla çata bilsin istədim".
Gənc tədqiqatçı hazırda "Voices of Nakhchivan" (Naxçıvanın Səsləri) adlı ingilisdilli toplu üzərində çalışır. O, layihənin gedişatı ilə bağlı aşağıdakı məlumatları bölüşüb:
Cəlil Məmmədquluzadının "Danabaş kəndinin əhvalatları" əsəri artıq tərcümə olunaraq "Amazon"da nəşr edilib.
Hüseyn Cavidin "İblis" faciəsinin tərcüməsinin böyük hissəsi tamamlanıb. Bu mürəkkəb əsərin 3 günlük süni intellekt (AI) nəzarətindən keçdikdən sonra dərc olunacağı gözlənilir.
Məmməd Səid Ordubadi və Eynəli bəy Sultanovun əsərlərinin ingilis dilində yenidən yazılması nəzərdə tutulur.
Hüseyn Cavidin poetik və fəlsəfi təfəkkürünü ingilis dilinə çevirməyin böyük zəhmət tələb etdiyini deyən M.D.Çakır, bu əsərlərin aktuallığını belə ifadə edib:
"Cavidin 1918-ci ildə Şeytanın dili ilə dediyi "mənə ehtiyac yoxdur, siz özünüz kifayətsiniz" fikri bu gün də aktualdır. Bu əsərlər rahat masa arxasında deyil, sürgün və təzyiqlər altında yazılıb. O ağırlıq mətnə hopub və mən bunu dünya oxucusuna hiss etdirməyə çalışıram".
Tələbə-tədqiqatçı qeyd edib ki, "Amazon" platformasından portfolyo kimi istifadə edir və təxminən 5 manatlıq simvolik ödənişlə yayımlanan bu kitablar onun üçün maddi qazanc mənbəyi deyil. Gələcəkdə layihə bitdikdən sonra bütün tərcümələrini tamamilə ödənişsiz platformalarda paylaşılmasını planlaşdırır.
Müsahibəni hazırladı:
Nəzrin Umay








