Azad edilən ərazilərə köçürülən 9470 nəfərin məşğulluğu təmin edilib

Azad edilən ərazilərə köçürülən 9470 nəfərin məşğulluğu təmin edilib

17 Aprel 2026

Böyük Qayıdış proqramı üzrə həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların artıq 9470 nəfərinin məşğulluğu təmin edilib, həmçinin 807 nəfər şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri qurulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında məlumat verilib.

Nazir Anar Əliyev sosial müdafiə sahəsində işlərin davam etdirilməsi yanaşı, aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb. O, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatının nazirlik üçün başlıca fəaliyyət istiqaməti olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, pensiyların 9,3 faiz indeksləşdirilərək artırılması təmin edilib. Təkcə ilk rüb ərzində pensiya təminatına ayrılan vəsait ötən ilin müvafiq dövrünə nisbətən 200 milyon manat artaraq 2 mlrd. 53 mln. manat olub. Eyni zamanda digər sosial ödənişlərə yönəldilən vəsaitlər artıb.

Qeyd edilib ki, işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu sahədə işədüzəltmə, özünməşğulluq proqramı, peşə hazırlığı proqramı, əmək yarmarkaları, birgə maliyyələşmə proqramı və s. proqramlar icra olunur və getdikcə genişləndirilir.

Azad edilən ərazilərə köçürülmüş sakinlərdən 432 şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.

Əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün son bir ildə 300, son illərdə 1600-dən çox peşə və kvalifikasiya standartının hazırlandığı bildirilib. Bu il standartın sayının 1800-ə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.

Əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı bu il aparılmış islahatların işçi hüquqlarının daha güclü müdafiəsini təmin edən mexanizmlərin yaradılması, əmək münasibətlərinin çevik və sosial yönümlü prinsiplər əsasında tənzimlənməsi, eləcə də müasir dövrün tələblərinə uyğun yeni anlayışların hüquqi bazaya daxil edilməsi məqsədi daşıdığı vurğulanıb.

Əllliyi olan şəxslərin hüquqlarının qorunması, onların inklüziv cəmiyyətə inteqrasiyasının artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.