Vüqar Abbasov: Güzəştlər Naxçıvanın iqtisadi inkişafında mühüm rol oynayacaq
Naxçıvanda Sahibkarlar Gününə həsr olunan tədbirdə “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibə verən Vüqar Abbasov bildirib ki, 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması dövlətin bu sahəyə verdiyi yüksək dəyərin göstəricisidir.
Onun sözlərinə görə, 2016-cı ildə İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman bu günün rəsmi şəkildə təsis olunmasını təmin edib və sahibkarlara göstərilən dövlət dəstəyini bir daha təsdiqləyib.
Vüqar Abbasov vurğulayıb ki, hər il 25 aprel tarixində qeyd olunan Sahibkarlar Günü ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına 2026-cı il yanvarın 1-dən tətbiq edilən vergi, gömrük və dövlət sosial ödənişləri üzrə güzəştlər regionun iqtisadi inkişafında mühüm rol oynayacaq. Bu addımların dövlət başçısı və hökumətin Muxtar Respublikaya xüsusi diqqətinin bariz nümunəsi olduğunu qeyd edib.
Müsahibədə o da diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin səsləndirdiyi rəqəmlər cari ilin ilk rübündə iqtisadi istehsalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artdığını göstərir.
Vüqar Abbasov bu müsbət dinamikanın növbəti rüblərdə də davam edəcəyinə inam ifadə edib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








