Naxçıvanda peşə təhsili tələbələri üçün istehsalat təcrübəsinə start verilib -

Naxçıvanda peşə təhsili tələbələri üçün istehsalat təcrübəsinə start verilib - FOTO

24 Aprel 2026

Naxçıvanda peşə təhsili alan tələbələr üçün 2025–2026-cı tədris ili üzrə istehsalat təcrübəsinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Şərur və Ordubad Peşə liseylərində təhsil alan tələbələr artıq real iş mühitində bilik və bacarıqlarını tətbiq etməyə başlayıblar.

Təcrübə proqramına cəlb olunan tələbələr müxtəlif dövlət qurumlarında və müəssisələrdə fəaliyyət göstərəcəklər. Onlar Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi, Naxçıvan Muxtar Respublikası Dəmir Yolları MMC, həmçinin Naxçıvan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri və müxtəlif sahibkarlıq subyektlərində təcrübə keçirlər.

Aprelin 21-dən iyunun 21-dək davam edəcək istehsalat təcrübəsində ümumilikdə 300-dən artıq tələbənin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etmələrinə, peşə bacarıqlarını inkişaf etdirmələrinə və əmək bazarına daha hazırlıqlı çıxmalarına geniş imkan yaradır. Bu proses eyni zamanda peşə təhsilinin keyfiyyətinin artırılması və təhsil ilə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.