Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində müsbət artım qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına görə, hesabat dövründə muxtar respublikada 92 milyon 311 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
İstehsal olunan məhsulun 9 milyon 203 min 700 manatı bitkiçilik, 83 milyon 108 min 200 manatı isə heyvandarlıq sahəsinin payına düşüb.
Məlumata əsasən, kənd təsərrüfatının ümumi məhsulu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artıb.
Qeyd edək ki, kənd təsərrüfatı Naxçıvanın iqtisadiyyatında əsas sahələrdən biri olmaqla yanaşı, əhalinin məşğulluğunun və ərzaq təminatının gücləndirilməsində mühüm rol oynayır.








