“Gənclik Festivalı – Şərur 2026” keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Gənclik Festivalı – Şərur 2026” adlı tədbir keçirilib. Festival gənclərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, onların ictimai fəallığının artırılması, vətənpərvər ruhda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, əvvəlcə rəsmi heyət və bir qrup gənc tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə edilib. Festivalın açılış mərasimində Dövlət Himni səsləndirilib, ümummilli liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, müstəqil dövlətçilik ənənələri möhkəmləndirilib və Azərbaycanın davamlı inkişafının əsası qoyulub. Qeyd edilib ki, dahi rəhbərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi və gənclərin potensialının reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunur.
Çıxışlarda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi, gənclərin təhsil, elm, idman, yaradıcılıq və digər sahələrdə inkişafı üçün geniş imkanların yaradıldığı vurğulanıb. Həmçinin qeyd olunub ki, bu kimi festivallar gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Fəal Fizika-riyaziyyat təmayüllü liseyin şagirdi Rza Rzayev çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Rəsmi hissədən sonra festival bədii proqramla davam edib. Tədbir iştirakçıları üçün konsert proqramı təqdim olunub, gimnastların nümunəvi çıxışları nümayiş etdirilib, milli mədəniyyətimizin zəngin nümunələrindən olan Şərur yallısı ifa olunub.
Festival çərçivəsində gənclərin bilik və bacarıqlarını özündə təcəssüm etdirən zonalara da baxış keçirilib. Burada gənclərin yaradıcılıq nümunələri, əl işləri və rəsm sərgiləri nümayiş olunub, gənc musiqiçilər və rəqqaslar çıxışları, azyaşlıların hazırladığı bədii kompozisiyalar və teatr tamaşaları maraqla qarşılanıb. İştirakçıları STEAM zonası, müxtəlif idman fəaliyyətlərini əhatə edən idman zonası, eləcə də hərbi-vətənpərvərlik zonası ilə tanış olublar. Hərbi-vətənpərvərlik zonasında müxtəlif silah və hərbi ləvazimatlar nümayiş etdirilib, gənclərə Vətənə xidmət və hərbi hazırlığın əhəmiyyəti barədə məlumat verilib













