Naxçıvanda nailiyyətli idmançılar və klublar mükafatlandırılıblar -

Naxçıvanda nailiyyətli idmançılar və klublar mükafatlandırılıblar - FOTO

17 İyul 2026

Naxçıvan şəhərində 2026-cı ilin birinci yarısında ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılar və klub nümayəndələri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmiz nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrilib, idmançılar isə müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək dövlətimizin idman nüfuzunu daha da yüksəldirlər.

Nazir müavini qeyd edib ki, dövlətin idman siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə təşviqi, idmançı, məşqçi və hakimlərin peşəkar inkişafı, idman infrastrukturunun gücləndirilməsi, idmanın kütləviliyinin artırılması və digər istiqamətlərdə ardıcıl tədbirlər görülür. Vurğulanıb ki, göstərilən dövlət qayğısının nəticəsi olaraq idmançılar yüksək nailiyyətlər əldə edirlər. Belə ki, 2026-cı ilin müvafiq dövrü ərzində Naxçıvan idmançıları 122-si qızıl, 83-ü gümüş, 73-ü bürünc olmaqla, ümumilikdə 278 medal qazanıblar. Medalların 189-u ölkə səviyyəli, 68-i beynəlxalq səviyyəli, 11-i dünya səviyyəli yarışlarda, 10-u isə Avrasiya çempionatında qazanılıb.

Sonra tədbir mükafatlandırma ilə davam edib. Ölkə və beynəlxalq arenalarda uğurlu nəticələr göstərmiş idmançılar, o cümlədən səmərəli fəaliyyətinə və nailiyyətlərinə görə oğlanlardan ibarət "Naxçıvan – U14", qızlardan ibarət "Möminə Xatun - U14” voleybol komandaları, "Naxçıvan", "Naxçıvan-Şərur" bədii gimnastika komandaları, "Turan", "Levent Bulut - Naxçıvan” döyüş klubları, "Naxçıvan Araz" kikboksinq klubu, "Qapıcıq", "Naxçıvan" karate klubları və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinə Məcid Seyidov tərəfindən nazirliyin fəxri fərmanı təqdim olunub.  

Sonda nazir müavini Məcid Seyidov təltif olunanları təbrik edərək gələcək fəaliyyətlərində də yüksək nəticələr qazanacaqlarına əminliyini ifadə edib və onlara uğurlar arzulayıb.