Naxçıvan şəhərində mövcud açıq hava idman qurğuları bərpa olunur - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində quraşdırılmış sadə tipli açıq hava idman qurğuları əhalinin sağlam həyat tərzinə təşviqi, asudə vaxtının səmərəli təşkili, eləcə də bədən tərbiyəsi və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 2024-cü ilin sonlarından etibarən sakinlərin istifadəsinə verilmiş idman avadanlıqlarının bir qismi ehtiyatsız istifadə nəticəsində zədələnmiş, bəzi avadanlıqlar isə tamamilə sıradan çıxmışdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən açıq hava idman qurğularının yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə Naxçıvan şəhərinin müxtəlif ərazilərində təmir-bərpa işləri həyata keçirilmişdir.
Görülən işlər çərçivəsində Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi, Qoçüstü və Əlincə məhəllələri, eləcə də Nizami küçəsində yerləşən açıq hava idman meydançalarında zədələnmiş alətlər bərpa olunmuş, nasazlıqlar aradan qaldırılmış, ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.
Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq muxtar respublikanın bütün regionlarını əhatə etməklə ümumilikdə 19 ərazidə sadə tipli açıq hava idman qurğuları quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Onlardan 8-i Naxçıvan şəhərinin payına düşür.
Gənclər və İdman Nazirliyi vətəndaşları istifadəyə verilmiş idman qurğularına həssaslıqla yanaşmağa, onların qorunmasına və təyinatı üzrə istifadə edilməsinə məsuliyyətlə yanaşmağa çağırır.













