Yüksək Liqanın debütantı ev oyunlarını Naxçıvanda keçirəcək

Yüksək Liqanın debütantı ev oyunlarını Naxçıvanda keçirəcək

13 İyul 2026

Azərbaycan Yüksək Liqasında debüt etməyə hazırlaşan “Möminə Xatun” qadın voleybol klubu ev oyunlarını Naxçıvanda doğma azarkeşləri önündə keçirəcək.

Klubdan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, komandanın ev oyunları Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd olunub ki, hazırda kompleksdə lazımi hazırlıq işləri görülür: “Naxçıvan bizim evimizdir. Burada oynamaq komanda üçün əlavə güc və motivasiya mənbəyi olacaq. Naxçıvanda voleybol həmişə sevilib, müsbət ənənələr formalaşıb, güclü idmançılar yetişib”.

Məşqçi və oyunçu heyətini tamamlamaq üzrə olan klubda yerli və əcnəbi voleybolçularla yanaşı, komandanın öz yetirmələri çıxış edəcəklər: “Heyətdə 10-a yaxın naxçıvanlı voleybolçu yer alacaq. Əsas komanda ilə bərabər, voleybolçuların inkişafını təmin etmək üçün “B” komandası da formalaşdırılacaq”.

Bildirilib ki, klubun hədəfi gələcəkdə əsas heyətin böyük hissəsini məhz öz yetirmələri hesabına formalaşdırmaq, regionda qızların voleybola axınını artırmaq və Naxçıvanda bu idman növünün davamlı inkişaf mexanizmini qurmaqdır.