Naxçıvanda cüdoçular üçün dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan keçilib -

Naxçıvanda cüdoçular üçün dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan keçilib - FOTO

03 İyul 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Cüdo Federasiyası tərəfindən muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə üç moduldan ibarət seminar və imtahan təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iyunun 30-da start götürən seminarların sonunda iştirakçılar imtahan veriblər. ACF təhsil şöbəsinin əməkdaşları İbrahim Aslanov və Elçin Mayılov iyulun 3-dək davam edən proses zamanı dan dərəcələrinin verilməsi qaydaları haqqında məlumat verib, imtahana hazırlıqla bağlı nəzəri və praktiki biliklərini bölüşüblər. Sonuncu gün iştirakçılar həmin mütəxəssislərin qarşısında imtahan veriblər. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələbləri uğurla yetirən məşqçilərə ACF tərəfindən dan dərəcələri üzrə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırması üçün zəruri hesab olunur. Tədbirin əsas məqsədi dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də onların inkişafına dəstək verməkdir.