1969-cu il 14 iyulun Azərbaycanın yeni tarixində müstəsna yeri var

1969-cu il 14 iyulun Azərbaycanın yeni tarixində müstəsna yeri var

13 İyul 2026

Hər bir xalqın və millətin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunədir. 

Ümummilli Liderin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə verdiyi tarixi qərarları ilə ölkənin gələcək müstəqil həyata hazırlanması istiqamətində mühüm işlər görülüb. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan, dahi rəhbərin  Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunun  xalqımızın  taleyində oynadığı misilsiz rolu danılmazdır.  Həmin tarixdən  Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdışı başladı. Əvəzolunmaz siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini elə həmin tarixdən yaratmağa başladı.  

Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il  dövlətimizin tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Bakı, Sumqayıt Gəncə, Naxçıvan şəhərlərində yeni yaşayış komplekslərinin salınmasına, kənd təsərrüfatının dirçəldilməsinə, böyük sənaye müəssisələrinin inşa edilməsinə başlanıldı.  1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksəkixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi. Ulu Öndər Heydər Əliyev  Azərbaycan təhsilinin inkişafına müstəsna xidmət göstərərək Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasını həyata keçirdi.  1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Gələcəyə yönəlmiş bütün xidmətlərin nəticəsini isə dövlətimiz müstəqillik qazananda gördük.

Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən Ulu Öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu olaraq adını əbədiləşdirib. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətimizin gələcək həyatının inkişafına hesablanmışdı. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. 

Məhz 15 İyun xalqımızın tarixinə böyük əhəmiyyət daşıyan günlərdən biri – Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü il oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin əbədiliyinin təmin edilməsindəki ən böyük xidmətlərindən biri də müstəqil dövlətçiliyin siyasi varislik prinsipi ilə inkişafı konsepsiyasının hazırlanması və həyata keçirilməsi olub. Nəticədə, dahi şəxsiyyətin əsasını qoyduğu bütün sosial-iqtisadi layihələr və siyasi konsepsiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilib. Ölkədə ictimai-siyasi sabitlik daha da möhkəmləndirilib. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdı. 2012-2013-cü illərdə respublikamız BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, həmçinin TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq neft-qaz və nəqliyyat layihələri ölkəmizin dünya enerji təchizatı sistemində rolunu daha da artırıb. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadılıb. Azərbaycan kosmik dövlətə çevrilib. Bu gün ölkəmizin müdafiə sənayesi inkişaf edir. Azərbaycan Ordusu dünyanın ən yaxşı döyüş qabiliyyətli orduları sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri, “Günnüt əməliyyatı” ordumuzun gücünü dünyaya nümayiş etdirən yolun başlanğıcı, 44 günlük zəfər yürüşü isə xalqımızın Vətən sevgisinin göstəricisi oldu. Şanlı qələbədən sonrakı hərbi əməliyyatlarda isə öz suverenliyini bərpa edən Azərbaycan bu gün Qafqazın taleyini dəyişən ölkə, sülhsevər dövlətdir.

Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bu gün azaddır, bütövdür. Bu möhtəşəm uğuru qalibiyyətin beynəlxalq hüquqi-normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi. Bütün bunlara isə Azərbaycanda 1969-cu ildən başlanan Heydər Əliyev dövlətçilik siyasətinin həyata keçirilməsi sayəsində nail olunub. Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə dövlətimizə başçılıq edən, uğurlu siyasəti ilə Müzəffər Ali Baş Komandan adını qazanan İlham Əliyevin bütün fəaliyyəti də Ümummilli Liderin milli dövlətçilik ənənələrinə sadiqliyinin bariz nümunəsidir.

Sevil HACIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı