Məcid Seyidov idmançı Fərman Həsənovu qəbul edib -

Məcid Seyidov idmançı Fərman Həsənovu qəbul edib - FOTO

04 İyul 2026

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Bakıda ikinci dəfə keçirilən "UFC Fight Night" turnirinin qalibi olan azərbaycanlı idmançılardan Fərman Həsənovu, eləcə də onun məşqçiləri Heydər Məmmədəliyev və İbrahim Məmmədəliyevi qəbul edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüş zamanı Məcid Seyidov ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, idmançılara göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, son illər döyüş idman növlərinə marağın artması, eləcə də Azərbaycanın ikinci dəfə UFC turnirinə uğurla ev sahibliyi etməsi ölkə idmanının beynəlxalq nüfuzunun göstəricisidir.

Məcid Seyidov UFC-də ilk dəfə çıxış edən Fərman Həsənovun debüt döyüşünü qələbə ilə başa vurmasını yüksək qiymətləndirərək onu təbrik edib, gələcək yarışlarda da uğurlar arzulayıb.

Görüşdə çıxış edən Fərman Həsənov və məşqçiləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, qarşıdakı yarış planları və hazırlıq prosesi barədə məlumat veriblər.

Sonda Məcid Seyidov qazandığı uğurlara görə Fərman Həsənova fəxri fərman təqdim edib. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Həsənov Fərman Sabir oğlu 1 avqust 1995-ci ildə Şərur rayonunun Dizə kəndində anadan olub. Peşəkar idman karyerasına Bakı şəhərində başlayan döyüşçü ABŞ-də "LFA" təşkilatı tərəfindən keçirilən turnirlərdə uğurlu çıxışı ilə seçilib. 2026-cı ildə isə Bakıda təşkil olunan "UFC Fight Night" turnirində Erik Nolana (ABŞ) qalib gələrək önəmli uğura imza atıb.