NDU-da "Şəhərsalma və Memarlıq İli" çərçivəsində innovativ dizayn nümunələri patentləşdirilib

NDU-da "Şəhərsalma və Memarlıq İli" çərçivəsində innovativ dizayn nümunələri patentləşdirilib

04 İyul 2026

Naxçıvan Dövlət Universitetində elmi yaradıcılıq və innovasiya istiqamətində əldə olunan uğurlara daha biri əlavə olunub. Universitetin İncəsənət fakültəsinin dekanı və müəllimləri tərəfindən hazırlanan bir sıra sənaye nümunələri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən patentə layiq görülüb. Milli-mədəni dəyərləri müasir dizayn prinsipləri ilə uzlaşdıran bu layihələr estetik baxımdan diqqət çəkməklə yanaşı, ictimai məkanlarda tətbiq imkanları ilə də seçilir.

Beləki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı,  Əməkdar rəssam, dosent Cavid İsmayılovun “Skripka kompozisiyalı,musiqili  işıq dirəyi” , Təsviri incəsənət kafedrasının müdiri, Prezident mükafatçısı,sənətşünaslıq üzrə fəlsəfə doktoru  Siddiqə Hacıyevanın “Buta kompozisiyalı skamya” , eləcə də həmin kafedranın müəllimi Fizzə Quliyevanın ''Nar kompozisiyalı naxış'' əsəri patentə layiq görülüb.

Patent alan layihələrin müəllifləri ilə həmsöhbət olaraq onların yaranma ideyası, bədii xüsusiyyətləri və gələcək perspektivləri barədə söhbət etdik.

Müsahibimiz Siddiqə Hacıyeva müsahibəsində bildirib: “Şəhər mühitindəki hər bir dizayn elementi milli kimliyimizi əks etdirməlidir”

– Siddiqə müəllimə, patentə layiq görülən skamya layihənizin əsas ideyası nədən ibarətdir?

– Müasir şəhər mühitində istifadə olunan funksional avadanlıqların yalnız praktik deyil, həm də milli-mədəni dəyərlərimizi əks etdirən estetik nümunələr olmasını vacib hesab edirəm. Bu düşüncə məni ənənəvi ornamental elementləri müasir dizayn prinsipləri ilə birləşdirən skamya layihəsini hazırlamağa sövq etdi.

– Layihənin bədii həllində hansı xüsusiyyətlər ön plana çıxır?

– Skamyanın bədii həllində Azərbaycan ornamental sənətinə məxsus motivlərdən istifadə olunub. Metal konstruksiya ilə taxta elementlərin ahəngdar vəhdəti həm funksionallığı, həm də estetik görünüşü təmin edir. Ornamentlərin axıcı xətlərlə təqdim olunması layihəyə xüsusi bədii ifadəlilik qazandırır.

– Bu layihənin şəhər mühitinə hansı töhfələri verəcəyini düşünürsünüz?

– Hesab edirəm ki, şəhər mühitində istifadə olunan hər bir dizayn elementi cəmiyyətin mədəni kimliyini əks etdirməlidir. Belə layihələr parkların, bulvarların, mədəniyyət mərkəzlərinin və digər ictimai məkanların estetik görünüşünü zənginləşdirir, eyni zamanda milli-mədəni irsin qorunmasına və təbliğinə xidmət edir.

– Patentin əldə olunması müəllif kimi sizin üçün nə ifadə edir?

– Patent layihənin orijinallığını və müəlliflik hüququnu təsdiqləyir. Bu, mənim üçün görülən əməyin yüksək qiymətləndirilməsi olmaqla yanaşı, milli motivlər əsasında yeni sənaye dizaynı nümunələri yaratmaq üçün də böyük stimuldur.

Cavid İsmayılov çıxışına bu sözlərlə başlayıb: “Məqsədim şəhər məkanına incəsənət ruhu gətirən dizayn yaratmaq idi”

– Cavid müəllim, “Skripka kompozisiyalı musiqili işıq dirəyi” layihəsinin ərsəyə gəlməsi hansı ideyadan qaynaqlandı?

– Müasir şəhər avadanlıqlarının yalnız funksional deyil, həm də estetik və mədəni məzmun daşımasını vacib hesab edirəm. Musiqinin universal dili və skripkanın zərif forması bu layihənin yaranmasına ilham verdi. Məqsədim şəhər məkanına həm işıqlandırma elementi, həm də incəsənət nümunəsi kimi dəyər qazandıran bir kompozisiya yaratmaq idi.

– Layihənizi digər sənaye nümunələrindən fərqləndirən cəhətlər hansılardır? Burada skripkanın estetik xüsusiyyətləri müasir dizayn prinsipləri ilə vəhdətdə təqdim olunub. Kompozisiya dekorativ və funksional elementləri harmonik şəkildə özündə birləşdirir. İşıq dirəyi işıqlandırma funksiyasını yerinə yetirməklə yanaşı, şəhər mühitinə musiqinin estetik ruhunu da gətirir.

– Bu layihənin tətbiq imkanlarını necə qiymətləndirirsiniz?

– Layihə park və xiyabanlarda, mədəniyyət müəssisələrində, konsert məkanlarında, istirahət zonalarında və digər ictimai ərazilərdə tətbiq oluna bilər. İnanıram ki, belə dizayn nümunələri şəhərlərin memarlıq-estetik simasının formalaşmasına mühüm töhfə verəcək.

– Patentin alınması sizin üçün hansı əhəmiyyət daşıyır?

– Patent yaradıcı əməyin və müəllif hüququnun rəsmi təsdiqidir. Bu, mənim üçün həm böyük məsuliyyət, həm də gələcək layihələr üzərində daha həvəslə çalışmağa sövq edən mühüm motivasiyadır.

Fizzə Quliyeva isə çıxışında “Nar motivi milli-mənəvi dəyərlərimizin bədii ifadəsidir” sözləri ilə söhbətə davam edib.

– Fizzə müəllimə, “Nar kompozisiyalı naxış” ideyası necə yarandı?

– Nar Azərbaycan xalqının milli-mədəni irsində bolluq, bərəkət, həyat və birlik rəmzi kimi xüsusi yer tutur. Bu dəyərləri müasir ornamental sənətdə yeni bədii həll vasitəsilə ifadə etmək arzusu məni bu kompozisiyanı yaratmağa sövq etdi.

– Bu naxışın bədii özəllikləri nədən ibarətdir?

– Kompozisiyanın əsasını nar meyvəsinin stilizə olunmuş təsviri təşkil edir. Eyni zamanda Azərbaycan ornamental sənətində geniş istifadə olunan arı pətəyi motivini nar tacının forması ilə sintez etmişəm. Simmetrik quruluş kompozisiyaya harmoniya, bütövlük və estetik gözəllik bəxş edir.

– Nar motivinin daşıdığı mənəvi yük haqqında nə deyə bilərsiniz?

– Nar Azərbaycan xalq tətbiqi sənətində sadəcə bəzək elementi deyil. O, bolluğun, məhsuldarlığın, həyatın, ailə birliyinin və nəsil davamlılığının rəmzidir. Buna görə də bu kompozisiya həm bədii, həm də milli-mənəvi dəyər daşıyır.

– Bu naxışın gələcək perspektivini necə görürsünüz?

– Düşünürəm ki, “Nar kompozisiyalı naxış” dekorativ-tətbiqi sənətdə, memarlıqda, interyer və eksteryer dizaynında, tekstil, keramika və digər yaradıcılıq sahələrində geniş tətbiq oluna bilər. İnanıram ki, bu kompozisiya milli ornamental sənətimizin daha da zənginləşməsinə töhfə verəcək və gələcək nəsillərə ötürüləcək yeni bədii nümunələrdən biri olacaq.

Beləliklə, söhbətimizdən aydın oldu ki, Naxçıvan Dövlət Universitetində yaradılan və patentləşdirilən bu sənaye nümunələri universitetdə elmi yaradıcılığın, tətbiqi incəsənətin və innovativ dizayn düşüncəsinin uğurla inkişaf etdiyini göstərir. Milli-mədəni irsi müasir tələblərlə uzlaşdıran bu layihələr həm müəlliflərin peşəkar yaradıcılıq potensialını nümayiş etdirir, həm də gələcəkdə şəhər mühitinin estetik zənginləşdirilməsinə və Azərbaycan dizayn məktəbinin inkişafına töhfə vermək potensialına malikdir.

Söhbətləşdi: Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi