Tələbələrə ayrılan 5 milyon manat geri qaytarılıb

Tələbələrə ayrılan 5 milyon manat geri qaytarılıb

03 İyul 2026

Təhsil Tələbə Krediti Fondu fəaliyyət göstərdiyi son beş ildə 85 mindən çox tələbəyə kredit ayırıb, təhsil haqlarının maliyyələşdirilməsi üçün isə 80 milyon manatdan artıq dövlət vəsaiti xərclənib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Fondun elektron sisteminə son beş tədris ili ərzində 101 mindən çox müraciət daxil olub. Bu müraciətlər əsasında 85 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Təhsil haqlarının ödənilməsi məqsədilə isə 80 milyon manatdan artıq dövlət vəsaiti təyinatı üzrə istifadə olunub.

Bəhruz Əzimov bildirib ki, kreditlərin geri ödənilməsi prosesi də davam edir. İndiyədək tələbələr tərəfindən dövlətə 5 milyon manatdan çox vəsait geri qaytarılıb. Hazırda 8 950 məzun geriödəmə mərhələsindədir.

Fond sədrinin sözlərinə görə, geriödəmə öhdəliklərini vaxtında yerinə yetirməyən məzunların sayı ümumi portfellə müqayisədə aşağı səviyyədədir. Hazırda 30–60 gün gecikməsi olan 141, 60–90 gün gecikməsi olan 45, 90 gündən artıq gecikməsi olan isə 176 məzun var. Ümumilikdə gecikməyə yol verənlərin payı geriödəmə portfelinin təxminən 4 faizini təşkil edir.

Bəhruz Əzimov əlavə edib ki, Fondun əsas məqsədi maliyyə imkanlarından asılı olmayaraq gənclərin ali təhsilə əlçatanlığını təmin etmək və onların təhsilini davam etdirməsinə dəstək verməkdir.