Naxçıvan Orta İxtisas Polis Məktəbində buraxılış mərasimi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində "Polis Günü" və buraxılış mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2 İyul – Azərbaycan Polisi Günü və 2025–2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə çıxış edənlər Azərbaycan polisinin şərəfli xidmət yolundan, hüquq-mühafizə orqanlarının cəmiyyətin təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan bəhs edərək, gənc məzunlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Orta İxtisas Polis Məktəbi daxili işlər orqanları üçün peşəkar və vətənpərvər kadrların hazırlanmasına mühüm töhfə verir. Məzunlara xidmətdə qanunun aliliyini rəhbər tutmaq, dövlətə və xalqa sədaqətlə xidmət etmək tövsiyə olunub.
Sonra təhsildə fərqlənən kursantlara fəxri fərman və hədiyyələr təqdim edilib, məzunlara diplomlar verilib.
Mərasim kursantların təntənəli keçidi və xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.
















