Babəkdə taxıl biçinində məhsuldarlıq ötən ili üstələyib
Babək rayonunda 2026-cı ilin taxıl biçini kampaniyası uğurla davam etdirilir. Biçinin vaxtında və itkisiz başa çatdırılması məqsədilə rayonun əkin sahələrində kombaynlar və digər kənd təsərrüfatı texnikaları tam gücü ilə fəaliyyət göstərir. Fermerlər tərəfindən məhsulun operativ şəkildə yığılması istiqamətində zəruri tədbirlər görülür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin məhsulu üçün rayon üzrə ümumilikdə 4282,8 hektar sahədə taxıl əkilmişdir. Əkin sahələrinin 931,1 hektarını buğda, 3351,7 hektarını isə arpa təşkil edir.
1 iyul 2026-cı il tarixinə olan məlumata əsasən, rayon üzrə 761,7 hektar taxıl sahəsində biçin aparılmışdır. Biçilən sahələrin 758 hektarı arpa sahələrinin payına düşmüş, həmin sahələrdə orta məhsuldarlıq hər hektardan 34,2 sentner təşkil etmişdir. Eyni zamanda, 3,7 hektar buğda sahəsində biçin aparılmış və orta məhsuldarlıq hər hektardan 36 sentner olmuşdur. Ümumilikdə isə orta məhsuldarlıq hər hektardan 34,2 sentner qeydə alınmışdır.
Müqayisə üçün qeyd edək ki, ötən il rayon üzrə ümumi taxıl sahələrində orta məhsuldarlıq hər hektardan 27,9 sentner təşkil etmişdi. Beləliklə, cari ilin ilkin nəticələri məhsuldarlığın ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərir.
Hazırda Babək rayonunda biçin kampaniyası planauyğun şəkildə davam etdirilir. Məhsulun itkisiz yığılması, vaxtında daşınması və biçin işlərinin qısa müddətdə başa çatdırılması istiqamətində bütün zəruri tədbirlər ardıcıl olaraq həyata keçirilir. İlkin nəticələr fermerlərin zəhmətinin və görülən aqrotexniki tədbirlərin yüksək səmərəsini bir daha təsdiq edir.








