Futzal millimizin kapitanı Naxçıvanda azyaşlı futbolçularla görüşüb -

Futzal millimizin kapitanı Naxçıvanda azyaşlı futbolçularla görüşüb - FOTO

28 İyun 2026

“Heydər Əliyev Kuboku” uğrunda futzal turniri çərçivəsində Naxçıvanda səfərdə olan futzal üzrə Azərbaycan milli komandasının kapitanı Emin Kürdovun azyaşlı futbolçularla görüşü təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan səmimi görüş zamanı Emin Kürdov peşəkar idman yolu, qazandığı təcrübələrlə bağlı fikirlərini bölüşüb, sağlam həyat tərzinin əhəmiyyətindən danışıb. Milli komandanın kapitanı iştirakçıların suallarını cavablandırıb, onların təqdim etdiyi forma və şəkilləri imzalayıb.

Görüşün davamında Emin Kürdov qapıçılar üçün texniki məşq keçirərək, qapıçı mövqeyinin əsas xüsusiyyətləri, düzgün mövqe seçimi, reflekslərin inkişafı və oyun zamanı qərarvermə bacarıqları ilə bağlı praktiki tövsiyələrini bölüşüb.

Görüşün təşkil olunmasında əsas məqsəd uşaqların peşəkar idmançılarla birbaşa ünsiyyət qurmasına şərait yaradılması, yeni təcrübələr əldə etməsi və motivasiyalarının yüksəldilməsi olub.