İsa Həbibəyli: Naxçıvan Əcəmi sənətinə yenidən qayıdışın ünvanıdır
Naxçıvanda dahi Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Əcəmi Naxçıvaninin 900 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən AMEA-nın Naxçıvan Bölməsində təşkil olunub.
AMEA-nın prezidenti, akademik İsa Həbibəyli saytımıza müsahibəsində bildirib ki, konfrans Əcəmi Naxçıvaninin zəngin irsinə yenidən qayıdışın, onun sənətinin və şəxsiyyətinin daha dərindən öyrənilməsinin mühüm mərhələsidir.
Akademik qeyd edib ki, tədbirdə Əcəmi Naxçıvaninin Şərq memarlığında yaratdığı böyük məktəb, eləcə də onun əzəmətli şəxsiyyəti ilə bağlı yeni elmi fikirlər səsləndirilib.
İsa Həbibəylinin sözlərinə görə, Əcəmi Naxçıvani təkcə dahi memar deyil, həm də rəssam-nəqqaş, xəttat, riyaziyyatçı, mühəndis və həndəsəçi kimi universal biliyə malik alim olub. O vurğulayıb ki, Əcəminin dahiliyi müxtəlif elm sahələrini memarlıq sənətində birləşdirə bilməsində özünü göstərir.
AMEA prezidenti bildirib ki, Naxçıvandakı Möminə Xatun məqbərəsi dünya memarlığının şah əsərlərindən biridir. Onun sözlərinə görə, abidənin tədqiqi, bərpası və qorunması istiqamətində həyata keçirilən işlər müstəqil Azərbaycan dövlətinin Əcəmi Naxçıvaninin irsinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








